Bu gün Misli Premyer Liqasında XXXIII tur iki qarşılaşma ilə davam edəcək.
Əvvəlcə çempion “Sabah” meydana çıxacaq. Qızıl dubl edən Masazır təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək. Qərb təmsilçisi ölkəmizi növbəti mövsüm UEFA Konfrans Liqasında təmsil edəcək komandalardan biridir. Turnir cədvəlində hər iki kollektivin mövqeyi artıq bəlli olduğundan bu görüş daha çox prestij xarakteri daşıyacaq. “Bayquşlar” 75 xalla liderdir, tovuzlular isə 59 xalla üçüncü pillədə qərarlaşıb. Komandalar arasında əvvəlki 14 çempionat oyununda üstünlük “Sabah”ın tərəfindədir. Masazır təmsilçisi 7, Tovuz klubu 4 qələbə qazanıb, 3 görüş heç-heçə başa çatıb. Saat 17-də başlayacaq və Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək.
Günün digər matçı Sumqayıtda təşkil olunacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda “Qarabağ”ı qəbul edəcək. Ağdam klubu çempionatı ikinci pillədə başa vuracaq və növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək. “Gənclik şəhəri” təmsilçisi isə mövsümün son oyununda doğma azarkeşləri önündə daha müsbət təsir bağışlamağa çalışacaq. Bu rəqiblər arasında ölkə çempionatlarında indiyədək 53 oyun keçirilib. “Qarabağ” 40, “Sumqayıt” 8 qələbə qazanıb, 5 qarşılaşmada bərabərlik qeydə alınıb. Elvin Bayramovun idarə edəcəyi görüş saat 19:30-da start götürəcək.

















