Bu gün Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu turuna start veriləcək. Çempionun, avrokuboklara vəsiqə qazanan komandaların, pley-offda iştirak edəcək və Premyer Liqanı tərk edəcək kollektivlərin adlarına artıq aydınlıq gəlib.
Turun açılış qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək. Artıq Premyer Liqada qalmaq uğrunda pley-off oynayacağı dəqiqləşən “Qəbələ” 8-ci pillədə qərarlaşan “Şamaxı”nı qəbul edəcək. “Qırmızı-qaralar” üçün bu görüş pley-off öncəsi son rəsmi sınaq xarakteri daşıyır. “Şamaxı” isə mövsümü aşağı pillələrdən uzaq və daha rahat mövqedə başa vurmaq istəyir. Komandalar arasında ölkə çempionatları tarixində indiyədək 61 oyun keçirilib. Bu görüşlərin 20-də “Qəbələ”, 20-də “Şamaxı” qələbə qazanıb, 21 qarşılaşmada isə qalib müəyyənləşməyib. Cari mövsümün əvvəlki iki duelində qonaq komanda qalib gəlib.
Bu gün gerçəkləşəcək matç saat 18:30-da start götürəcək. Turun bütün oyunları “CBC Sport”la canlı yayımlanacaq.
















