UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Sabah” – “Borussiya Dortmund” qarşılaşması ilə yanaşı, daha 8 matç keçiriləcək.
Saat 20:45-də başlanacaq matçda “Fənərbağça” “Slaviya”nı qəbul edəcək. Türkiyə təmsilçisi ilk turda “Roma” ilə heç-heçədən sonra “Aston Villa”ya 6 cavabsız qolla uduzub. Çexiya klubu “Lans”la matçdan sonra “Sabah”a məğlub olub. 2022-ci ildə Konfrans Liqasında keçid pley-off mərhələsində “Slaviya” hər iki görüşdə “Fənərbağça”nı üstələyib. İki il əvvəl UEFA Avropa Liqasındakı yeganə matçda isə “Fənərbağça” qalib gəlib. “CBC Sport”la canlı yayımlanacaq matçın idarəçiliyi ispaniyalı Rikardo de Burqos Benqoetxeaya tapşırılıb.
Günün digər matçları saat 23:00-da başlanacaq. Gecənin əsas matçında PSJ “Barselona”nı qəbul edəcək. Son iki yarışın qalibi olan parislilər ötən həftə “Mançester Siti”dən üstün olub. İspaniya klubu bütün turnirlər daxil olmaqla keçirdiyi 11 görüşün heç birində xal itirməyib. Çempionlar Liqasında geridə qalan hər iki oyunda qalib gələn klublardan PSJ 10, “Barsa” 9 qol vurub. Komandaların şəxsi oyunlarında da maraqlı məqamlar var. Belə ki, tərəflərin son 5 matçında ev sahibləri qalib gəlməyiblər. PSJ-nin son 3 səfər qarşılaşmasında rəqibindən güclü olduğunu da unutmaq olmaz. “CBC Sport”la canlı yayımlanacaq görüşün baş hakimi ingiltərəli Maykl Oliver olacaq.
Daha bir matçda “Liverpul” “Vilyarreal”ı sınağa çəkir. Mövsümə yaxşı başlamayan qonaqlar son oyunlarda nisbətən özünə gəlib. “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirində itkisiz irəliləyir. Komandaların şəxsi oyunlarına gəlincə, keçirilən 4 matçın 3-ü ingilslilərin xeyrinə başa çatıb. Matçda ədaləti polşalı Şimon Marçinyak qoruyacaq.
Günün digər qarşılaşmasında AEK “Mançester Siti”nin qonağı olacaq. Turnirdə 3 xalı olan klublar tarixdə ilk dəfə üzləşirlər. Oyunun baş hakimi fransalı Villi Delajo olacaq.
Digər görüşlərdə “Ştutqart” “Atletiko Madrid” ,”Roma” “Slovan Bratislava”, “Portu” “PSV Eyndhoven”, “Napoli” isə “Budö-Qlimt”lə üzləşəcək.












