Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk günü Azərbaycan üçün tarixi nəticə ilə yadda qaldı. 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyən Əhməd Yusifov böyüklər arasında dünya çempionu adını qazanan dördüncü azərbaycanlı cüdoçu oldu. Maraqlıdır ki, ölkəmiz ilk belə titulunu 2013-cü ildə əldə etmişdisə, dünya çempionlarımızın üçü son 28 ay ərzində müəyyənləşib. Bəs Yusifova qədər bu zirvəyə kimlər yüksəlib və Bakı mundialında Azərbaycan millisindən daha hansı nəticələri gözləmək olar?
Azərbaycan cüdosunun dünya çempionatlarındakı qızıl tarixçəsi 2013-cü ildə Rio-de-Janeyroda başladı. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov finalda niderlandlı Henk Qrolu məğlub edərək ölkəmizin böyüklər arasında ilk dünya çempionu oldu. Azərbaycan həmin mundialı bir qızıl və Orxan Səfərovun qazandığı bir bürünc medalla ümumi sıralamada 6-cı pillədə tamamladı. Məmmədovun titulu təsadüfi yüksəliş də deyildi, o, üç il əvvəl Tokiodakı dünya çempionatında 90 kiloqramda bürünc medal qazanmışdı.
Lakin ikinci qızılı gözləmək üçün düz 11 il lazım gəldi. 2024-cü ildə Əbu-Dabidə Hidayət Heydərov 73 kiloqramda karyerasının ən güclü mövsümlərindən birini yaşayırdı. Mundiala qədər ardıcıl üç “Böyük dəbilqə” turnirinin qalibi olmuş, dördüncü dəfə Avropa çempionluğunu qazanmışdı. Buna qədər dünya çempionatlarında üç bürünc medalı olan Hidayət ilk dəfə finala yüksəldi. Yaponiyalı Tatsuki İşihara ilə həlledici görüşdə sona 40 saniyə qalmış vaza-ari ilə geri düşsə də, kata-quruma fəndi ilə rəqibini tatamiyə sərdi. Əvvəlcə vaza-ari verilən xal videogörüntüdən sonra ippona çevrildi və Heydərov Azərbaycanın ikinci dünya çempionu oldu.
Cəmi üç gün sonra tarixi nəticə ikiqat artdı. 100 kiloqramda Zelim Kotsoyev finalda kanadalı Şadi Elnahasla qarşılaşdı. Görüşün əvvəlində hikikomi-qaeşi ilə vaza-ari qazanan Kotsoyev üstünlüyünü sona qədər qorudu və Azərbaycan bir mundialda ilk dəfə iki qızıl medal əldə etdi. Beynəlxalq Cüdo Federasiyası həmin turniri ölkəmizin tarixində ən uğurlu dünya çempionatı kimi qiymətləndirdi. İki ay sonra Paris Olimpiadasında həm Heydərov, həm də Kotsoyev eyni çəki dərəcələrində Olimpiya çempionu oldular.
İndi siyahıya Əhməd Yusifov əlavə olunub. 27 yaşlı cüdoçu 60 kiloqramda bu titulu qazanan ilk təmsilçimiz və Bakıda dünya çempionluğu yaşayan ilk azərbaycanlı oldu. Rəqəmlər Azərbaycan cüdosunun inkişafında maraqlı tendensiyanı göstərir. İlk iki dünya çempionu arasında 11 illik fasilə vardı. Heydərovdan Kotsoyevə keçid isə cəmi üç gün çəkdi, Yusifovun müvəffəqiyyəti ilə Azərbaycan artıq son üç dünya çempionatı dövründə üç fərqli qızıl medalçı yetişdirib.
Bakı mundialında medal ümidləri bununla bitmir. 73 kiloqramda dünya və Olimpiya çempionu Hidayət Heydərovla dünya reytinqində 5-ci olan Rəşid Məmmədəliyev, 81 kiloqramda reytinqin ilk altılığındakı Zelim Tçkayev və Ömər Rəcəbli, 90 kiloqramda ötən mundialın bürünc medalçısı Elcan Hacıyev mübarizə aparacaq. 100 kiloqramda isə 2024-cü ilin dünya və Olimpiya çempionu, ötən il mundialda bürünc medal qazanan Zelim Kotsoyev yenidən tatamiyə çıxacaq. Yusifov artıq ilk gündə planı maksimumla yerinə yetirib. İndi əsas sual Azərbaycanın tarixində ən uğurlu mundial olan Əbu-Dabidəki iki qızıllıq nəticənin Bakıda təkrarlanıb-təkrarlanmayacağıdır.











