Azərbaycan Basketbol Liqasında 2026/2027-ci illər mövsümünün startına sayılı günlər qalır. Sentyabrın 30-da başlayacaq çempionat həm iştirakçı sayı və yarış sistemi, həm də klubların heyətlərindəki ciddi dəyişikliklərlə əvvəlkindən fərqlənəcək. Ardıcıl dörd dəfə ölkə birincisi olan “Sabah” titulunu qorumağa çalışacaq, əsas rəqibləri isə yay fasiləsində heyətlərini nəzərəçarpacaq dərəcədə gücləndiriblər.

Azərbaycan Basketbol Liqası yeni mövsümə fərqli sistemlə başlayır. Ötən çempionatda 12 klub iki qrupda 20 tur ərzində mübarizə aparırdısa, bu dəfə səkkiz kollektiv vahid turnir cədvəlində yer alacaq. “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt” üç dövrədən ibarət 21 turluq müntəzəm mərhələdə yarışacaqlar. İlk iki pillənin sahibi birbaşa yarımfinala yüksələcək, 3-6-cı yerləri tutanlar pley-in mərhələsində qüvvəsini sınayacaq. Son iki sırada qərarlaşan komandalar isə elitada qalmaq üçün pley-aut oyununa çıxacaqlar. Yarımfinal və final seriyalarında üç qələbə qazanan tərəf növbəti mərhələyə və ya çempionluğa çatacaq. İştirakçı siyahısında tamamilə yeni klub yoxdur. Əsas dəyişiklik lisenziyalaşdırma prosesindən sonra baş verib. İlkin olaraq ABL-də yer almalı olan “Şəki” qeydiyyat tələblərinin qiymətləndirilməsinin nəticəsinə əsasən ABL2-yə göndərilib, ötən mövsümdə də yüksək liqada çıxış edən “Sumqayıt” isə səkkizliyə daxil edilib. Digər yenilik ötən çempionatın finalçısı “Abşeron Lions”un adının dəyişdirilərək “LANDAU Lions” olmasıdır.

Çempionluq yarışında ilk baxışda yenə “Sabah” ön plana çıxır. Ardıcıl dörd titul qazanan paytaxt təmsilçisi heyətinə 203 santimetrlik Nik Perkinsi qatıb və ABŞ-li basketbolçu ilə ikiillik müqavilə bağlayıb. Daha diqqətçəkən keçidlərdən biri isə Tajuan Eydjinin transferidir. Ötən mövsüm Fransanın “Burk” klubu ilə Avrokuboku qazanan 28 yaşlı hücumçu “Sabah”la mövsümün sonunadək anlaşma əldə edib.

Ötən çempionatın finalçısı “LANDAU Lions” isə əsas nüvənin mühüm hissəsini qoruyub. Gediminas Orelik, Cey-Cey Freyzer və De Ondre Ceksonla müqavilələr uzadılıb. Komanda Azərbaycan Liqasının 2024/2025 mövsümündə assist lideri olmuş Cordan Perkinsi və ötən mövsüm “Neftçi”də çıxış edən Edvard Polaytı da sıralarına qatıb. Milli üzvü Saadettin Donat da yeni mövsümdə “LANDAU Lions”un formasını geyinəcək.

Transfer bazarında fəallığı ilə seçilən digər klub “Neftçi”dir. “Ağ-qaralar” kanadalı Şakeyl Prays, ABŞ-li oyunqurucu Elayca Hokins və serbiyalı Aleksa Stepanoviçlə gücləniblər. Sonuncu karyerası ərzində “Partizan”, FMP və “Yenisey” kimi klublarda çıxış edib. Yenilənmiş heyət artıq avrokubokda da özünü göstərib. FIBA Avropa Kubokunun təsnifat mərhələsinin ilk oyununda “Neftçi” Estoniyanın “Parnu” komandasını Bakıda 80:67 məğlub edib.

Ötən mövsümün ilk dördlüyündə yer alan və Azərbaycan Kubokunu qazanan “Gəncə”də dəyişiklik məşqçi postundan başlayıb. Komandanın sükanı yayda Martin Knejeviçə tapşırılıb. Qərb təmsilçisi ABŞ-li forvardlar Nik Ellinqton və Montavius Mörfini də heyətinə cəlb edib. “Naxçıvan”da da yeni baş məşqçi çalışacaq. Belaruslu Georgi Kondruseviçlə mövsümün sonunadək müqavilə imzalanıb.

Elitada iştirak hüququnu rəsmiləşdirən “Sumqayıt” son günlər transfer bazarının ən fəal kollektivlərindən olub. Teyvion Kirk və Cakori Arçi ilə yanaşı, 213 santimetrlik britaniyalı mərkəz oyunçusu Coş Oqundele və ötən mövsüm Slovakiyada hər görüşdə orta hesabla 16,2 xal toplayan Cordan Vatson komandaya qoşulub. Rüstəm Əliyev, Elşad Şirzadov və Elçin Salmanzadə də “gənclik şəhəri” təmsilçisinin yeni simalarıdır. NTD-də isə əks proses yaşanıb: klub dörd yerli və altı legionerlə yollarını ayırıb, U-20 millisinin üzvləri Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə müqavilələri uzadıb. Beləliklə, son dörd mövsümün çempionu və heyətini yenidən gücləndirən “Sabah” titul yarışına əsas namizədlərdən biri kimi başlayır. Ötən finalın iştirakçısı “LANDAU Lions”, ciddi transferlər edən “Neftçi” və Azərbaycan Kubokunun hazırkı sahibi “Gəncə” də rəqabətin ön sıralarında görünür. Yeni mövsümə elə ötən çempionatın finalçılarının dueli ilə start veriləcək. Sentyabrın 30-da saat 19:30-da Bakı İdman Sarayında “Sabah” və “LANDAU Lions” üz-üzə gələcəklər.