Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, medalların sayında və əyarında rekord vuran Azərbaycanın kişi boksçulardan ibarət millisi komanda hesabında ikinci yeri tutub.
Ravşan Xocayevin baş məşqçisi olduğu yığma bu tarixi nailiyyətə iki qızıl, bir gümüş və iki bürünc medal qazanmaqla nail olub. İlk pilləni Rusiya (5-2-0) tutub, “üçlüy”ü Ukrayna (1-1-1) qapayıb. Ruslara finallarda iki məğlubiyyəti Azərbaycan boksçuları yaşadıblar.
Millimiz kişi və qadın boksçuların komanda hesabında isə üçüncü yerdə qərarlaşıb və xüsusi kubokla mükafatlandırılıb. Bu siyahıda Rusiya (7-5-3) birinci, Türkiyə (4-1-5) ikinci yeri tutub.
Komandamızın heyətində Avropa çempionu olan Səidcəmşid Cəfərov isə yarışın ən yaxşı boksçusu seçilib.
Qeyd edək ki, 43 ölkədən 406 idmançının mübarizə apardığı Avropa çempionatında Azərbaycan boksçularından Sübhan Mamedovla (50 kq) Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.













