“Sabah”ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.
O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır.
“UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir. Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib”.
E.Həmidovun sözlərinə görə, bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir:
“Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir. Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik”.
Qeyd edək ki, azarkeşlər bir bilet əldə etməklə komandanın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi ev qarşılaşmalarını canlı izləyə biləcəklər.
Biletlərin qiyməti 35-285 manat aralığında dəyişir. Alınmış biletlər geri qaytarılmayacaq, dəyişdirilməyəcək və bərpa edilməyəcək.
Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.
Qeyd edək ki, “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

















