Bu gün Misli Premyer Liqasında VI tura iki görüşlə yekun vurulacaq.

İlk olaraq “Şamaxı” və “Araz-Naxçıvan” münasibətlərinə aydınlıq gətirəcəklər. “Şirlər” 5 turda cəmi bir dəfə məğlub olub. “Araz-Naxçıvan” isə cari mövsümdə hələ qələbə qazana bilməyib. Tarixi statistika isə Naxçıvan təmsilçisinin xeyrinədir. Komandalar arasında keçirilən 11 çempionat oyununda “Şamaxı” 2, “Araz-Naxçıvan” 7 dəfə qalib gəlib, 2 görüş heç-heçə başa çatıb. Peşəkar Futbol Liqasınıntəqdim etdiyi statistikaya əsasən, texniki nəticə nəzərə alınmadıqda “Araz-Naxçıvan” bu rəqiblə son 9 qarşılaşmada məğlub olmayıb. Saat 16:30-da Şamaxı şəhər stadionunda start götürəcək oyunun idarəçiliyi İnqilab Məmmədova tapşırılıb.

Tura Gəncədə yekun vurulacaq. “Kəpəz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. “Sarı-göylər” cari mövsümdə əldə etdiyi 2 qələbənin hamısını evdə qazanıb. “Sumqayıt” isə 4 matçın 3-də uduzub və 1-də heç-heçə edib. Tərəflər ölkə çempionatlarında 35 dəfə üz-üzə gəliblər: “Kəpəz” 10, “Sumqayıt” 14 qələbə qazanıb, 11 qarşılaşmada bərabərlik qeydə alınıb. Bu cütün son 5 oyununda meydan sahibi qalib gəlib, axır 3 matçın hər birində isə ümumilikdə 3 qol vurulub. Gəncə şəhər stadionunda keçiriləcək turun bağlanış qarşılaşması saat 19:00-da start götürəcək. Matçın baş hakimi Əliyar Ağayev olacaq. Bütün oyunlar “CBC Sport”la canlı yayımlanacaq.