Bu gün Misli Premyer Liqasında VI turun daha iki görüşü keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” doğma azarkeşləri qarşısında “Zirə” ilə üz-üzə gələcək. Bakı klubunun 4-cü, Kurban Berdıyevin komandasının 5-ci olması dueli daha önəmli edir. “Zirə” son iki turda qələbə qazana bilməyib: “Sabah”a böyük hesabla uduzan “qartallar” ötən həftə “Qarabağ”la heç-heçə edib. Tərəflər Premyer Liqada 15 dəfə qarşılaşıblar. “Turan Tovuz” 4, “Zirə” 7 qələbə qazanıb, 4 matçda qalib müəyyənləşməyib. Qəsəbə təmsilçisi bu rəqiblə son 3 görüşdə qalib gəlməyib. Tovuz şəhər stadionundakı qarşılaşma saat 17:30-da start götürəcək. Oyunun baş hakimi Rəvan Həmzəzadədir.
Günün ikinci üzləşməsində lider “Sabah” “İmişli”ni qəbul edəcək. Son çempion keçirdiyi 4 matçın hamısında qalib gəlib, 11 qol vurub və hələ qapısından top buraxmayıb. “İmişli” isə 5 görüşdə 1 qələbə, 1 bərabərlik və 3 məğlubiyyətlə yadda qalıb. Bu komandalar indiyədək 3 dəfə qarşılaşıblar. Maraqlıdır ki, həmin oyunların heç birində meydan sahibi qol vurmayıb və xal qazanmayıb. İlk dueldə “İmişli” Bakıda 1:0 hesablı qələbə əldə edib, sonrakı iki görüşdə isə “Sabah” səfərdə 3:0 və 5:0 üstün olub. “Bank Respublika Arena”da təşkil ediləcək matçın start fitini saat 19:45-də Kamal Umudlu səsləndirəcək. Hər iki qarşılaşma “CBC Sport”da canlı yayımlanacaq.















