Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün yarışda III tur görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət milli komandası (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) İsveçrə ilə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. Məmmədyarov və Süleymanlı partiyalarını qələbə ilə başa vurub, Muradlı və Məmmədov isə heç-heçə edib.

Qadınlardan ibarət milli komandamız isə (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) İsveçlə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib. Məmmədova qələbə qazanıb, Fətəliyeva, Beydullayeva və Məmmədzadə isə heç-heçə edib.

Bundan əvvəl kişilərdən ibarət komandamız Mərakeşi (4:0) və Filippini (3:1), qadınlardan ibarət komandamız isə Qvatemalanı (4:0) və Danimarkanı (4:0) məğlub edib.İlk iki turdan sonra kişilərdən ibarət milli komandamız turnir cədvəlində 19-cu (4 xal), qadınlardan ibarət komandamız isə 11-ci (4 xal) pillədə qərarlaşmışdı.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.