Misli Premyer Liqasında VI tura start verilib. İlk oyun günündə iki matç keçirilib.
Səfərdə “Qəbələ” ilə qarşılaşan “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Xalını 15-ə çatdıraraq liderliyə yüksələn “ağ-qaralar” 18 qolla hələki mövsümün ən məhsuldar kollektividir. Qəbələdə növbəti dəfə fərqlənən Breno Almeyda isə 7 qolla bombardirlər cədvəlinə başçılıq edir.
Günün ikinci görüşündə “Qarabağ” “Şəfa”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən matç Ağdam klubunun 1:0 hesablı qalibiyyəti ilə bitib. “Köhlən atlar”ın yeganə qolunu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub. 13 xala malik “Qarabağ” hazırda turnir cədvəlinin ikincisidir.
Sabah VI turun daha iki matçı baş tutacaq. Saat 17:30-da başlayacaq “Turan Tovuz” – “Zirə” və saat 19:45-də start götürəcək “Sabah” – “İmişli” oyunları “CBC Sport”da canlı yayımlanacaq.















