Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb. Üç gün davam edən turnirdə ölkənin müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılar fərdi və qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdiriblər.
Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubunun Zabrat bölməsi, “Grasiya” İdman Klubu və digər idman cəmiyyətləriningimnastları qatılıblar. İştirakçılar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Turnirin proqramı halqa, top, gürzlər və lentlə hərəkətlər, həmçinin çoxnövçülük üzrə çıxışlardan ibarət olub. Gimnastlar texniki hazırlıq, kompozisiya və artistiklik baxımından qiymətləndiriliblər.
Yarışın son günündə fərdi proqramlar və qrup hərəkətləri üzrə final çıxışları keçirilib. Gərgin mübarizənin ardından müxtəlif yaş kateqoriyalarında ölkə çempionları və mükafatçılar müəyyənləşib. Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri 31-ci Azərbaycan çempionatının idmançıların inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Turnir gimnastların mövsüm öncəsi hazırlıq səviyyəsinin qiymətləndirilməsi, perspektivli idmançıların üzə çıxarılması baxımından mühim önəm daşıyıb.













