Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. Turnirdəki təmsilçilərimizdən “Neftçi” cari mövsüm avrokuboklarda ilk oyununa çıxacaq. “Ağ-qaralar”ın bu etapdakı rəqibi Belarusun “Dinamo Minsk” kollektividir.
İki mövsümlük fasilədən sonra yenidən Avropa arenalarına qayıdan “Neftçi” UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Belarusun “Dinamo Minsk” klubu ilə üzləşəcək. Bu komandalar bir-birinə heç də yad deyil. Sovet İttifaqı dövründə eyni liqada yarışan tərəflər 51-ci rəsmi oyunda üz-üzə gələcəklər. Geridə qalan görüşlərin 14-də “Neftçi” qələbə qazanıbsa, 22 matçda qalib tərəf Minsklilər olub. Digər 14 oyunda tərəflər sülhə razılaşıb. Yay transfer pəncərəsində heyətini 4 futbolçu ilə gücləndirən Bakı təmsilçisi 5 futbolçu ilə vidalaşıb. Rəqib cəbhəsində vəziyyəti qənaətbəxş saymaq olar.
14 turu geridə qalan Belarus çempionatında 33 xalla lider olan “Dinamo Minsk”, UEFA Konfrans Liqasının l təsnifat mərhələsində Şimalı Makedoniyanın “Sileks” kollektivini mübarizədən kənarlaşdırıb. Belarus təmsilçisini çətin vəziyyətə salan amillərdən biri də ev oyunlarını vətənlərində keçirə bilməmələridir. “Neftçi”nin heyətində itkilər yoxdur.
Qeyd edək ki, “Neftçi” – “Dinamo Minsk” matçını Kiprli referi Konstantinos Fellas idarə edəcək. Start fiti saat 20-də səslənəcək oyun “CBC Sport”la canlı yayımlanacaq.
















