Tanınmış hücumçu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirəcək.
37 yaşlı qabonlu futbolçu 1,5 milyon avro qarşılığında son mövsümdə çıxış etdiyi “Marsel”dən (Fransa) ayrılaraq İspaniya təmsilçisi “Deportivo”ya qoşulacaq. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.
“Marsel” maliyyə yükünü azaltmaq üçün hücumçu ilə yollarını ayırmağa məcbur olub. Klub UEFA Çempionlar Liqasından kənarda qalıb və xərclərin azaldılması siyasətini yürüdür. Baş məşqçi Bryuno Jenezyo da mətbuat konfransında Obameyanqı saxlamaq istədiyini, lakin klubun maliyyə durumunun buna imkan vermədiyini təsdiqləyib.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq ötən mövsüm bütün turnirlərdə keçirdiyi 41 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəllər o, İspaniya La Liqasında “Barselona”nın heyətində çıxış edib.














