2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu Dieqo Forlan Uruqvay milli komandasının baş məşqçisi vəzifəsinə təsdiqlənib.
Bu barədə “Marca” nəşri Uruqvay Futbol Assosiasiyasının (UFA) rəhbəri İqnasio Alonsoya istinadən məlumat yayıb.
Müqavilə 2027-ci ilin martınadək bağlanıb. Müddət başa çatdıqdan sonra assosiasiya Forlanla gələcək əməkdaşlıq barədə qərar verəcək. Bu, UFA-nın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Belə ki, təşkilat hələlik uzunmüddətli müqavilə imzalamağa hazır deyil.
Forlan bu postda 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, heç bir qələbə qazanmayaraq çıxışını qrup mərhələsində başa vurub. Qrupda uruqvaylılar Səudiyyə Ərəbistanı (1:1) və Kabo Verde (2:2) yığmaları ilə heç-heçə edib, həmçinin İspaniya komandasına (0:1) məğlub olublar.
Forlanın 47 yaşı var. O, 2019-cu ilin dekabrında Uruqvayın “Penyarol” klubunun baş məşqçisi vəzifəsini tutub, lakin 2020-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılıb. 2021-ci ilin martında mütəxəssis Uruqvayın “Atenas” komandasını qəbul edib və orada yarım il çalışıb.
Futbolçu karyerası dövründə Forlan İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və “Atletiko”, Milanın “İnter” klublarının rənglərini qoruyub, həmçinin Argentina, Braziliya, Yaponiya, Hindistan və Honkonq klublarında çıxış edib. “Mançester Yunayted”in heyətində uruqvaylı İngiltərə çempionu titulunu (2003), İngiltərə Liqa Kubokunu (2003) və İngiltərə Kubokunu (2004) qazanıb, “Atletiko” ilə Avropa Liqasında (2010) və UEFA Superkubokunda (2010) qalib gəlib, həmçinin “Vilyarreal”a İntertoto Kubokunu (2004) qazanmağa kömək edib.
Uruqvay yığmasının heyətində Forlan 112 oyun keçirib və 36 qolla fərqlənib. O, milli komandanın ən yaxşı bombardirləri reytinqində üçüncü pillədə qərarlaşıb. 2011-ci ildə hücumçu Amerika Kubokunu qazanıb. Bu, Uruqvay yığmasının bu günə qədər olan sonuncu trofeyidir. 2010-cu il dünya çempionatında Uruqvay komandası bürünc medal uğrunda görüşdə Almaniya yığmasına məğlub olaraq (2:3) dördüncü yerdə qərarlaşıb. Forlan yeddi görüşdə rəqiblərin qapısına beş dəfə yol taparaq həmin turnirin ən yaxşı snayperi və oyunçusu olub.














