C qrupu 2026-cı il mundialının ən rəngarəng kvartetlərindən biridir. Burada həm turnirin ən titullu komandası, həm Afrika futbolunun yüksələn gücü, həm Karib hövzəsindən gələn emosional dönüş hekayəsi, həm də uzun illər sonra dünya səhnəsinə qayıdan Britaniya təmsilçisi var. Bu qrupda “sanbaçılar” ad baxımından hamıdan öndədir, lakin qalan üç komandanın hər biri sadəcə iştirakçı kimi görünmək istəmir.

Mundiala seçmə mərhələnin Cənubi Amerika zonasından vəsiqə qazanan Braziliya 2025-ci ilin iyununda Paraqvaya 1:0 hesabı ilə qalib gələrək turnirdə iştirakını rəsmiləşdirib. Komandanın sükanı arxasında klub futbolunda demək olar ki, hər şeyi qazanan və milli komanda səviyyəsində özünü sübut etmək istəyən Karlo Ançelottidir. Heyətdə kimisə fərqləndirmək yersizdir. Ançelottinin ixtiyarında başda Neymar olmaqla, ulduzlar toplusu var. Deməli, əsas favoritlərdən biri məhz “Pentakampeonlar”dır.

Mərakeş 2026-cı il mundialına vəsiqə qazanan ilk Afrika komandası olub. “Atlas şirləri” Nigeri 5:0 hesabı ilə məğlub edərək seçmə qrupunda liderliyi təmin edib. Bu komanda 2022-ci ildə Dünya Çempionatının yarımfinalına yüksəlməklə həm Afrika, həm də ərəb futbolu üçün tarixi nəticəyə imza atıb. Lakin bu dəfə Mərakeş mundiala yeni baş məşqçi ilə gedir, 2026-cı ilin martında Məhəmməd Vəhbi Valid Reqraquini əvəzləyib. Vəhbi gənclərlə işi ilə tanınır və Mərakeş futbolunda nəsil dəyişikliyinin simalarından biri sayılır. Komandanın əsas oyunçuları sırasında Əşrəf Hakimi, Yassin Bunu, Sofyan Amrabat, Brahim Dias və Yusif En-Nesiri seçilir. Mərakeşin oyun üslubu sürətli cinah keçidləri və rəqibin səhvini cəzalandıran kəskin hücumlar üzərində qurulur. Bu yığma artıq xoş sürpriz deyil, ciddi rəqib statusundadır.

Haiti üçün bu turnir tarixi hadisədir. Karib təmsilçisi 1974-cü ildən sonra ilk dəfə Dünya Çempionatında iştirak edəcək. Komanda KONKAKAF zonası üzrə seçmə mərhələdə Nikaraquanı 2:0 hesabı ilə məğlub edərək qrup lideri kimi mundiala vəsiqə qazanıb. Burada ən maraqlı detal baş məşqçi Sebastyen Minye ilə bağlıdır. Fransalı mütəxəssis təhlükəsizlik problemlərinə görə uzun müddət Haitiyə gedə bilməsə də, komandanı mundiala çıxarmağı bacarıb. Heyətdə Dukens Nazon, Jan-Rikner Belleqard, Uilson İzidor və təcrübəli qapıçı Coni Plasid kimi futbolçular önə çıxır. Haiti daha çox sürətli əks-hücumlar və emosional enerji hesabına rəqiblərə problem yaratmağa çalışacaq.

Şotlandiya isə Dünya Çempionatına 28 illik fasilədən sonra qayıdır. Stiv Klarkın komandası seçmə mərhələnin həlledici oyununda Danimarkanı 4:2 hesabı ilə məğlub edərək birbaşa mundiala vəsiqə qazanıb. Həmin matç artıq Şotlandiya futbol folklorunun bir hissəsinə çevrilib, Skott Maktominey möhtəşəm aşırma zərbə ilə hesabı açıb, Kirian Tirni və Kenni Maklin isə əlavə vaxtda vurduqları qollarla Hempden Parkı bayram yerinə çeviriblər. onlarla yanaşı, komandanın aparıcı üzvləri sırasında Endi Robertson, Con Makginn kimi adlar da var. Şotlandiya parlaq kombinasiyalardan çox intensivlik, fiziki mübarizə və standart vəziyyətlər komandasıdır.

Bir sözlə, C qrupu mundialın klassik ziddiyyətlərini özündə birləşdirir. Braziliya titul və fərdi keyfiyyətə, Mərakeş son illərin yüksəlişinə, Haiti tarixi dönüş enerjisinə, Şotlandiya isə 28 illik həsrətin yaratdığı döyüş ruhuna güvənəcək. Bu qrupda favorit aydındır, amma ikinci yer uğrunda mübarizə və hətta mümkün sensasiya ehtimalı intriqanı xeyli artırır.