Futbol üzrə 2026-cı il Dünya Çempionatında nəzər salacağımız növbəti kvartet B qrupudur. B qrupu fərqli futbol hekayələrini bir araya gətirir. Burada ev sahibi kimi oynayacaq Kanada, böyük turnir təcrübəsi ilə seçilən İsveçrə, 2022-ci ilin ağır dərsindən sonra bu dəfə seçmə mərhələdən gələn Qətər, eləcə də 2014-cü ildən bəri mundial həsrəti çəkən Bosniya və Herseqovina var. Bu qrupun əsas özəlliyi odur ki, heç kim açıq-aşkar favorit deyil. Amma hər komandanın əlində ciddi arqument, hər rəqibin arxasında isə ayrıca süjet xətti var.

Kanada mundiala ev sahibi kimi avtomatik vəsiqə qazanıb. Bu, komandanın tarixində üçüncü Dünya Çempionatı olacaq, Kanada bundan əvvəl 1986 və 2022-ci illərdə mundialda iştirak edib. Ölkə üçün bu turnir sadəcə idman yarışı yox, futbolun Kanadada daha geniş auditoriyaya çıxması baxımından böyük fürsət sayılır. Yığmanın baş məşqçisi Cessi Marşdır. Onun futbol fəlsəfəsi yüksək pressinq, sürətli keçidlər və cinahların daim oyunda saxlanılması üzərində qurulur. Əsas simalar arasında Alfonso Deyvis, Conatan Devid, Kayl Larin, Teycon Byukenen və Stiven Eustakio seçilir. Bununla belə, Deyvisin zədə problemi Kanadanın hazırlığına əlavə sual işarəsi gətirib.

İsveçrə B qrupunun ən təcrübəli və turnir vərdişi ən yüksək komandasıdır. Murat Yakının rəhbərlik etdiyi yığma seçmə mərhələdə inamlı təsir bağışlayıb və ardıcıl altıncı dəfə mundiala vəsiqə qazanıb. İsveçrənin əsas fiqurları sırasında kapitan Qranit Caka, müdafiədə Manuel Akanji, qapıda Qreqor Kobel, hücumda Bril Embolo və Dan Ndoyeni göstərmək olar. Bu komanda nadir hallarda tamaşaçını romantik futbolla ovsunlayır, amma böyük turnirlərdə romantikanı yox, nəticəni hesablayanlar daha çox yaşayır. İsveçrənin oyunu intizamlı müdafiə, mərkəzdə nəzarət və geniş zonalara sürətli çıxış üzərində qurulur.

Qətər üçün bu mundial 2022-ci ildən fərqli məna daşıyır. Dörd il əvvəl komanda turnirdə ev sahibi kimi iştirak etmişdisə, bu dəfə buileti seçmə mərhələdən keçərək alıb. Xulen Lopeteginin komandası həlledici mərhələdə Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə məğlub edib. Hər iki qolun standart vəziyyətdən vurulması Qətərin hansı məqamda təhlükəli ola biləcəyinə də işarədir. Əkrəm Afif, Almoez Əli, Meşal Bərşam, Pedro Migel və Bassam Əl-Ravi yığmanın əsas adları sırasındadır. Qətərin üstünlüyü futbolçuların bir-birini yaxşı tanıması, standart vəziyyətlərdəki keyfiyyət və topa nəzarətə əsaslanan daha sistemli oyun axtarışıdır.

Bosniya və Herseqovina isə okeanın o tayına emosional yükü ən ağır komanda kimi yollanır. Yığma Avropa pley-offlarında əvvəlcə Uelsi, daha sonra İtaliyanı penaltilər seriyasında məğlub edərək Dünya Çempionatına vəsiqə qazanıb. Bu nəticə təkcə Bosniyanın qayıdışı yox, həm də İtaliyanın ardıcıl üçüncü mundialdan kənarda qalması ilə futbol tarixinin ən sərt faktlarından birinə çevrildi. Komandanın baş məşqçisi keçmiş milli futbolçu Sergey Barbarezdir. Heyətin əsas siması hələ də Edin Cekodur. Onunla yanaşı, Ermedin Demiroviç, Benjamin Tahiroviç, Armin Qiqoviç və Kerim Alaybəqoviç komandanın oyun yükünü daşıyan adlar sırasındadır. Demiroviçin mundial vəsiqəsindən sonra “Stuttgart” azarkeşlərinə verdiyi pivə vədini yerinə yetirməyə hazırlaşması isə bu qayıdışın emosional tərəfini daha da rəngləndirir. Bosniya və Herseqovina birbaşa, xarakterli və bəzən oyunu sistemdən çox iradə ilə aparan komandadır.

Beləliklə, B qrupu sakit görünən, amma daxilində xeyli gərginlik daşıyan kvartetdir. Kanada ev sahibi statusuna, İsveçrə böyük turnir təcrübəsinə, Qətər Asiya futbolunda qazandığı ritmə, Bosniya və Herseqovina isə dönüş enerjisinə arxalanacaq. Bu qrupda üstünlük təkcə futbol keyfiyyəti ilə deyil, həm də soyuqqanlılıq, fiziki hazırlıq və oyunun taleyini dəyişən kiçik epizodlarla müəyyənləşəcək.