Polşada keçirilən dünya çempionatında çıxışını davam etdirən Azərbaycan millisi qrup mərhələsində son iki oyununu keçirib. Dina Ulyanova, Aleksandra Molenhauer, Erika Karter və Brianna Freyzerdən ibarət seçməmiz əvvəlcə Çexiya ilə qarşılaşıb. Gərginliyi ilə diqqət çəkən matçın yekununda basketbolçularımız rəqibini 14:11 hesabıyla məğlub edib.
Qrupun axrıncı matçında isə millimiz Polşa ilə qarşı-qarşıya gəlib. Bu dəfə də üstün olan seçməmiz 20:13-lük qalibiyyətə sevinib. Oyundan sonra millinin üzvləri Dina Ulyanova və Aleksandra Molenhauer matçlarla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, ilk iki matçda Madaqaskarı üstələyərək, Niderlanda uduzan yığmamızın hesabında 3 qələbə var. Onlar eyni nəticə ilə çıxış edən Niderlandla ilk iki pilləni bölüşür. Bu gün Madaqaskar – Çexiya və Niderland – Polşa görüşləri keçiriləcək. Ondan sonra qrupda kimin hansı pilləni tutduğu bəlli olacaq. Millimizin bütün hallarda pley-inn mərhələsinə vəsiqə qazandığı rəsmiləşib.













