3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatında mübarizəyə başlayıb. Polşanın paytaxtı Varşavada təşkil edilən turnirə seçməmiz inamlı start verib.
Dina Ulyanova, Aleksandra Molenhauer, Erika Karter və Brianna Freyzerdən ibarət seçməmiz A qrupunda yer alır. İlk görüşdə rəqibimiz Madaqaskar olub. İnamlı təsir bağışlayan basketbolçularımız rəqibini ilk dəqiqələrdən üstələməyi bacarıb. Nəticədə komandamız 21:13 hesablı qələbə qazanıb.
İkinci görüşdə isə rəqibimiz Niderland millisi olub. Bu görüş də gərginliyi ilə diqqət çəkib. Basketbolçularımız nə qədər çalışsalar da, yekunda məğlubiyyətdən qaça bilməyiblər – 13:19.
Bu gün yığmamız istirahət edəcək. İyunun 3-də isə qadınlarımız Çexiya və Polşa ilə qarşılaşacaq. Dünya çempionatına iyunun 7-də yekun vurulacaq.














