UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında kişi milli komandaları üzrə yarışların yeni konsepsiyası təsdiqlənib. Qərara əsasən, UEFA Millətlər Liqası 2028/29 mövsümündən etibarən fərqli sistemlə təşkil olunacaq. Hazırkı dörd liqalı model üç liqalı formatla əvəzlənəcək. Hər liqa 3 qrupdan ibarət olacaq. A və B liqalarında hərəsində 18 komanda yer alacaq. Ümumi iştirakçı sayının 55 olması səbəbindən C Liqasında qruplardan biri 7 komandalı olacaq və həmin qrupun təqvimi bir oyun pəncərəsi daha erkən başlayacaq.
Yeni sistemə görə, komandalar 6 oyun keçirəcəklər. Yığmalar fərqli səbətlərdən olan rəqiblərlə ev və ya səfər prinsipi üzrə qarşılaşacaq, eyni səbətdə yer alan komanda ilə isə həm evdə, həm də səfərdə oynayacaqlar. Bununla belə, Millətlər Liqasında 1/4 final, “Dördlər finalı” və liqalararası yüksəlmə-enmə pley-offları saxlanılacaq.
Avropa seçmə mərhələlərində də ciddi dəyişiklik nəzərdə tutulur. Yeni model iki liqadan ibarət olacaq. Birinci liqada Millətlər Liqasının A və B liqalarında çıxış edən 36 komanda yer alacaq. İkinci liqa isə qalan 18 və ya 19 yığmanı əhatə edəcək. Birinci liqada komandalar 12 iştirakçıdan ibarət 3 qrupa bölünəcək. Hər yığma 3 səbətdən seçilən 6 fərqli rəqiblə qarşılaşacaq. Bu model UEFA-nın klub turnirlərində istifadə etdiyi liqa formatına bənzəyir. İkinci liqa isə Millətlər Liqasının C Liqasına uyğun şəkildə təşkil olunacaq. Final mərhələsinə birbaşa vəsiqə qazanan ev sahibi ölkələr də seçmə mərhələdə iştirak edəcəklər. Onların çıxışı növbəti Millətlər Liqasındakı mövqelərinə təsir edəcək. Birinci liqanın qruplarında ən yüksək nəticə göstərən komandalar final mərhələsinə birbaşa yüksələcək, qalan vəsiqələr isə pley-off sistemi ilə müəyyənləşəcək.
İclasda bir sıra normativ sənədlər də təsdiqlənib. Bunlar arasında AVRO-2028-in əsasnaməsi, UEFA Klublarının Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlılığı Qaydalarının 2026-cı il redaksiyası, İntizam Məcəlləsi, Təşkilati Qaydalar və Avadanlıq Qaydaları yer alıb.
Qadın futbolu ilə bağlı məşqçi tələbləri də sərtləşdirilib. 2028-ci il iyunun 1-dən etibarən qadın komandalarının baş məşqçiləri üçün UEFA Pro, köməkçi məşqçilər üçün isə UEFA A kateqoriyası məcburi olacaq.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası 2026-cı il sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək. Yeni formatın detalları həmin toplantıda yekun təsdiq üçün müzakirəyə çıxarılacaq.














