Dünya Ədalətli Oyun günü ilə əlaqədar keçirilən tədbirin əvvəlində Avropa Olimpiya Komitələri prezidenti Spiros Kapralosun Avropa Ədalətli oyunlar hərəkatına ünvanladığı, ədalətli oyun prinsiplərinin inkişafı və təşviqinə dair video müraciəti nümayiş olunub. Ardınca Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə komitə nəzdinə Ədalətli oyunlar komissiyasının artıq 28 ildir fəaliyyət göstərdiyini xatırladıb.
Daha sonra Avropa Ədalətli oyunlar hərəkatının icraiyyə Komitəsi üzvlərinin və Azərbaycan idmançılarının ədalətli oyun prinsiplərinə dair videoçarx təqdim olunub. Tədbirdə çıxış edən millət vəkilləri Könül Nurullayeva və Eyvaz Qurbanov isə ədalətli idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıb. Bundan sonra 2025-ci ilin ən yaxşılarına mükafatlar təqdim edilib.
“Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyası üzrə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyası üzrə ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyası üzrə güləş məşqçisi Cəbrayıl Həsənov, “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyası üzrə Avropa kubokları və Avropa çempionatlarında hakimlik etmiş voleybol hakimi Fuad Ağayev mükafata layiq görülüb.
Tədbirdə həmçinin Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Ədalətli Oyun Karyerası” nominasiyası üzrə diplomu, eləcə də Paris-2024 Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedova Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatı təqdim edilib.














