Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
Hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.
Bu qarşılaşmaların hər ikisi Azərbaycan millisinin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb. Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komanda bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq voleybolçuların burada da yoxlama oyunlarında qüvvələrini sınamaları nəzərdə tutulub.
Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.














