Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mənzil-qərargahında növbəti iclas keçirilib.

Vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər.

İlk olaraq 2026-cı ilin iyununda təşkil olunacaq Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra cari ilin iyulunda keçiriləcək gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin təşkili ilə bağlı gündəlikdə olan məsələlər diqqətə çatdırılıb. Toplantı zamanı yenilənmiş Texniki və Yarış Qaydaları müzakirə edilib.

İclas zamanı federasiya və yığma komandalar daxilində nizam-intizam məsələləri ilə bağlı konkret tapşırıqlar verilib. Bununla yanaşı, AAF tərəfindən paytaxt və bölgələrdə fəaliyyət göstərən mərkəzlərin ştanq avadanlıqları ilə təminatı məsələsinə toxunulub. Bildirilib ki, yerlərdə fəaliyyət göstərən mərkəzlər müvafiq avadanlıqlarla təmin olunur və proses hazırda icra mərhələsindədir.

Toplantının sonunda federasiya daxili cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.