UEFA Avropa liqasında finalçıların adına aydınlıq gəlib.

İngiltərə klublarının duelində “Aston Villa” “Nottinqem Forest”i qəbul edib. İlk matçda 0:1 uduzan Birmingem təmsilçisi doğma meydanda 4:0 hesablı qələbəyə sevinib və 44 il sonra avrokuboklarda həlledici oyuna yüksəlib. Bu, “Aston Villa”nın baş məşqçisi Unai Emeri üçün sözügedən turnirdə altıncı finaldır. “Sevilya” ilə üç, “Vilyarreal”la bir dəfə kuboku qazanan ispaniyalı mütəxəssis 2019-cu ildə “Arsenal”ın sükanı arxasında Bakıda keçirilən qarşılaşmada “Çelsi”yə uduzaraq , titulu əldən verib.

Digər dueldə isə Almaniyada “Frayburq”la “Braqa” kollektivləri üzləşib. Birinci görüşdə 1-2 məğlub olan “Frayburq” 3:1-lik ev qələbəsi sayəsində tarixində ilk dəfə beynəlxalq turnirdə finala vəsiqə əldə edib.

“Frayburq” – “Aston Villa” görüşü mayın 20-i Türkiyədə, İstanbul şəhərindəki “Beşiktaş Arena” stadionunda keçiriləcək.