Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün Azərbaycanın 5 sərbəst güləşçisi xalçaya çıxıb. Onlardan 57 kq-da yarışan İslam Bazarqanov start duelində, 1/4 finalda Aryan Tyütrini mübarizədən kənarlaşdırıb. Yarımfinalda gürcüstanlı Roberti Dinqaşvilini 11:1 üstələyən Bazarqanov finala adlayıb.
79 kq-da Cəbrayıl Hacıyev 1/4 finalda Slovakiya təmsilçisi Axsarbek Qulayevdən güclü olub. Ancaq o, yarımfinalda Maqomedxabib Kadzimaqomedovla bacarmayıb. Bununla belə Hacıyev bürünc medal qazanmaq şansını saxlayır.
65 kq-da Rəşid Babazadə 1/8 finalda almaniyalı Niko Meqerleni keçsə də, ardınca Bəşir Maqomedova məğlub olub. Rəqibi final kimi irəlilədiyindən Babazadə sabah üçüncülük uğrunda təsəlliverici görüşlərə qatılacaq.
70 kq-da Kənan Heybətov və 97-də Osman Nurməhəmmədov ilk görüşlərində uduzaraq mübarizəni dayandırıblar.














