Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə Avropa çempionatının III turu arxada qalıb. Azərbaycan təmsilçilərinin duelində Aydın Süleymanlı Read Səmədova qalib gəlib.

Həmçinin, Nicat Abasov, Gövhər Beydullayeva, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Süleyman Süleymanlı, Əli Züqanov və Xaqan Əhməd də partiyalarını uğurla bitiriblər. Son ölkə çempionu Məhəmməd Muradlı, Xəzər Babazadə və Ümid Aslanov isə heç-heçə edib.

Hazırda 3 görüşdən sonra Aydın Süleymanlı və Nicat Abbasov maksimum nəticəyə malikdir və liderlər qrupunda yer alıblar. Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarətdir və yekunda ən yaxşı nəticəni göstərən 20 şahmatçı 2027-ci il Dünya Kubokuna vəsiqə əldə edəcək.