18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici qarşılaşmalarda medalların sahibləri bəlli olub.
Finalda “Ordu” “Şərqi Zəngəzur” ilə üz-üzə gəlib. Gərgin keçən ilk seti ikincilər 25:18 üstün tamamlayıb. İnamlı çıxışını davam etdirən Zəngəzur təmsilçisi ikinci hissədə də 25:16 üstün olub. Sonuncu setdə də eyni hesabla rəqibini məğlub edən “Şərqi Zəngəzur” görüşdən 3:0 hesablı qələbə ilə ayrılaraq turnirin qalibi olub.
18 yaşadək qızların mübarizəsində isə “Milli Aviasiya Akademiyası” “Lokomotiv” üzərində 3:0 hesablı qələbə qazanaraq qızıl medalların sahibi olub.
Final oyunlarından sonra təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyası ilə müqaviləsi başa çatan yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib. AVF prezidenti Şahin Bağırov 2023-cü ildə ölkəmizə dəvət olunan türkiyəli mütəxəssisə paytaxt və regionlarda voleybolun inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib və ona federasiyanın təşəkkürnaməsini təqdim edib.












