Bu gün Azərbaycanın daha 4 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

73 kq çəki dərəcəsində Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.

Hər iki idmançının rəqibi Belçikanı təmsil edir.

Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.

Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finaldan mübarizəyə başlayacaqlar.

Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə, Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.

“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.