Bu gün Misli Premyer Liqasında XXIV tura start verilir.
Turun ilk görüşündə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edir. Ötən həftə “Qarabağ”dan 6 cavabsız qol buraxaraq məğlub olan Naxçıvan təmsilçisi avrokuboklar şansını davam etdirmək üçün qələbə qazanmalıdır. 21 turdur qalib gəlməyən “Karvan-Yevlax” isə elitada qalmaq üçün ardıcıl qalibiyyətlərə ehtiyac duyur. “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq. Oyunun baş hakimi Kamranbəy Rəhimovdur.
Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Şamaxı”nı qəbul edir. Hər iki klub son 5 çempionat matçında meydandan 3 xalla ayrılmaq vəzifəsinin öhdəsindən gələ bilməyib. Şəxsi duellərə gəlincə, son iki ev oyununda “Sumqayıt” qələbə qazanmayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:30-da başlanacaq. Ədaləti qorumaq isə Cavid Cəlilova tapşırılıb.















