Bu gün UEFA Çempionlar liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Günün ilk oyununda “Bayer Leverkuzen” evdə “Arsenal”la görüşəcək. Əsas mərhələdə büdrəməyən London klubu bütün turnirlər daxil olmaqla 11 matçdır uduzmur. “Əczaçılar” isə qeyri-stabil çıxışı ilə seçilir. Komandalar sonuncu dəfə 2002-ci ildə qitənin əsas klub turnirinin ikinci qrup etapında üzləşiblər ki, həmin zaman bir dəfə heç-heçə qeyd alınıbsa, digərində “topçular” qalib gəlib. Saat 21:45-də başlayacaq qarşılaşmanı türkiyəli referi Halil Umut Meler idarə edəcək.
Gecə yarısı start götürəcək matçlara gəlincə, turnirin sürpriz kollektivi, keçid pley-off mərhələsində ötən ilin son finalçısı “İnter”i mübarizədən kənarlaşdıran “Budö-Qlimt” ilk 8-liyə birbaşa vəsiqə qazanmağı bacaran “Sportinq”i qəbul edəcək. Norveç klubu 9, lissabonlular isə 12 görüşdür məğlub olmur. Oyunda ədaləti Slovakiyadan İvan Krujlyak qoruyacaq.
Kubokun hazırki sahibi, buna qədər çətinliklə də olsa “Monako”nu keçən “Paris Sen-Jermen” Fransa paytaxtında “Çelsi” ilə qarşılaşacaq. Mövsüm boyu tez-tez axsayan Luis Enrikenin kollektivi ölkə çempionatının son turunda “Monako”ya 1-3 uduzub. İlkin mərhələni 6-cı bitirən “göylər” bütün turnirlərdə axır 10 matçın yalnız 6-da qalib gələ bilib. 2-də uduzubsa, 2-də bərabərə qalıb. Sonuncu dəfə tərəflər klublararası dünya çempionatının finalında üzləşiblər və 3-0 qalib gələn “Çelsi” yeni reqlamentlə keçirilən kuboku muzeyinə aparıb. “Park de Prens”də start fitini ispaniyalı Alexandro Ernandez səsləndirəcək.
Son illər Çempionlar liqası derbisinə çevrilən oyunda “Real Madrid” “Bernabeu”da “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirəcək. Onlar son 6 mövsümün 5-də üz-üzə gəliblər. “Kral klubu” Alvaro Arbeloanın rəhbərliyində dəyişkən qrafik cızır. Bütün turnirlərdə mübarizəsini davam etdirən “şəhərlilər” isə 11 matçdır məğlubiyyətin nə olduğunu bilmir. Komandalar sözügedən turnirdə 15 dəfə üzləşiblər. Bu görüşlərdən 5-də “Real”, 5-də isə Mançester klubu qələbə əldə edib. Daha 5 dəfə sülh qeydə alınıb. Qarşılaşmanı İtaliyadan Mauritsio Marinai idarə edəcək.













