Serbiyada təşkil edilən 23 yaşadək güləşçilərin Avropa birinciliyində ilk mükafatçılar bəlli olub. Sərbəst növdə yarışan təmsilçilərimizdən 57 kq çəki dərəcəsində çıxış edən Vasif Bağırov finalda rusiyalı Ayandar Ondara uduzaraq, gümüş medala sahib çıxıb.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov da həlledici görüşdə uduzub. Rusiyalı İsmayıl Xaniyevlə bacarmayan pəhləvanımız ikinciliklə kifayətlənməli olub.

Daha üç güləşçimiz də mükafatçılar sırasına düşməyi bacarıb. 65 kq-da Musa Ağayev ermənistanlı Arman Musikyanı məğlub edərək bürünc medala yiyələnib.

70 kq-da Ramik Heybətov ukraynalı Mikita Sariyevi üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

97 kq-da Zəfər Əliyev türkiyəli Emirhak Kılıçdan güclü olub.

Dünən yarışa qoşulan güləşçilərimizdən 61 kq-da Ceyhun Allahverdiyev, 92 kq-da Ali Tsokayev və 125 kq-da Yusif Dursunov finala yüksəlib. 74 kq-da Ağanəzər Novruzov və 86 kq-da Vasif Xudiyev isə bürünc medal qazanmaq şansını saxlayır. Hazırda komandamızın hesabında 2 gümüş, 3 bürünc mükafat var.

Turnirə martın 15-də yekun vurulacaq.