Bu gün UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsi başa çatacaq.

Almaniyada iki cavabsız qolla uduzan “Atalanta” doğma azarkeşlər önündə “Borussiya Dortmund”u qəbul edəcək. Saat 21:45-də başlanacaq və “CBC Sport”la canlı yayımlanacaq matçda ədaləti qorumaq ispaniyalı Xose Mariya Sançes Martinesə tapşırılıb.

Gecəyarısı isə üç matç oynanılacaq. “Qulaqlı kubok”un hazırki sahibi PSJ “Monako”nu qəbul edəcək. Səfərdə 3:2 hesablı əzmkar qələbə qazanan parislilər növbəti mərhələni hədəfləyir. Görüşün baş hakimi rumıniyalı İştvan Kovaçdır.

Daha bir duel “Real Madrid”lə “Benfika”nı üz-üzə gətirəcək. “Kral klubu” ilk matçda 1:0 hesablı qələbə əldə edib. Oyunun baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

“Yuventus” isə evdə “Qalatasaray”la üzləşəcək. İstanbul klubu 5:2 hesablı ciddi üstünlüyə malikdir. “CBC Sport”la canlı yayımlanacaq oyunun baş hakimi portuqaliyalı Joau Pineyrudur.