Sloveniyanın paytaxtı Lüblyanada keçiriləcək Avropa Açıq Turnirində çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub. Yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək.

Şəfəq Həmidova (48 kiloqram), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Mədinə Xaysinovadan (+78 kiloqram) ibarət yığma baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyində mübarizəyə qoşulacaq.

Fevralın 14-15-də təşkil olunacaq beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq. Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri kimi turnirə qatılacaqlar.