AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda verilən qərarlara əsasən, fevralın 8-də keçirilən “Sabah” – “Araz-Naxçıvan” oyunu Naxçıvan təmsilçisinin meydana gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib. Həmin qarşılaşmada “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat, ev sahibi “Sabah” isə Əsasnamənin tələblərini pozduğuna görə 1000 manat cərimə ödəməlidir.

“Zirə” klubu fevralın 8-də “Sumqayıt”la keçirilən matçda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat cəriməyə məruz qalıb. Fevralın 10-da gerçəkləşdirilən “Şamaxı” – “Qarabağ” qarşılaşmasında ağdamlıların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Eyni zamanda, azarkeşlər tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq. “Neftçi” – “Qəbələ” matçının 90+1-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 500 manat cərimə edilib.