İngiltərə Premyer liqasının XXIV turunun növbəti oyunları keçirilib.
Turun mərkəzi qarşılaşmasında Çempionluq uğrunda yarışan “Mançester Siti” səfərdə “Tottenhem”lə qarşılaşıb. “Şəhərlilər” oyunun gedişində 2 top fərqi ilə önə keçsələr də qələbə hesabını qoruya bilməyib. İkinci yarıda Dominik Solankenin dublu “mahmızlar”a bir xal qazandırıb. Qeyd edək ki, 2:2-lik heç-heçəyə razılaşan Pep Qvardiolanın kollektivi ilk dövrədə 0:2 məğlub olmuşdu.
Hazırda “Arsenal” 53 xala liderliyini davam etdirir. “Topçular” “Mançester Siti”ni artıq 6, “Aston Villa”nı isə 7 xal qabaqlayır. 41 xallı “Mançester Yunayted” ilk dördlüyü tamamlayır. “Fulhem” 34 xalla 8-ci, “Tottenhem” 28 xalla 14-cü pillə qərarlaşıb.














