Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 idmançısı mübarizə aparıb. Son yarış günündə kişilərin mübarizəsində qaliblər müəyyənləşib. Yekunda Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pillədə “Dəmir Yumruq”, üçüncü yerdə MOİK kollektivi qərarlaşıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

Qeyd edək ki, 1 gün öncə yekun vurulan qadın boksçuların mübarizəsində Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (51 kq), Emili Rzayeva (60 kq) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.