UEFA Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran və pley-off mərhələsinə adlayan “Qarabağ” daha 0,750 bonus xalı qazanıb. Hazırda Azərbaycan 22,937 xalla 26-cı yerdə qərarlaşıb. 27-ci Sloveniyanın aktivində isə 22,843 xal var. Ancaq bu ölkənin Konfrans liqasında çıxış edən təmsilçisi “Çelye” mübarizəsini davam etdirir və Sloveniyanın xalını artırmaq imkanı var.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb və bunun 18,750-si “Qarabağ”ın payına düşür. Ağdam klubu Çempionlar Liqasının seçmə mərhələsində 5 xal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus xalı, əsas mərhələdə 7 xal, 22-ci yerə görə isə əlavə 0,750 bonus xalı qazanıb.

Cari göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur. Bu xal Azərbaycan klub futbolu tarixində ikinci yüksək nəticədir. Rekord isə 2023/24 mövsümündə qeydə alınıb və 5,875 xal təşkil edib. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək. Klub reytinqində “Qarabağ” 42,750 xalla 58-ci yerdə qərarlaşıb.