Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən “Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq” mövzusunda beynəlxalq forum təşkil olunub. Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə də iştirak edib.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb. Bununla yanaşı, hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.
Tədbirə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksəkixtisaslı mütəxəssis və beynəlxalq ekspert qatılıb.












