Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub.
Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən, Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib. Turnir FIDE qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10, qadınlar arasında isə ilk 2 yerin sahibi Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.
36 şahmatçının iştirak etdiyi kişilərin turnirdə Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub. Onunla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə və Suat İbrahimli də ölkə birinciliyində iştirak hüququ əldə ediblər. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbindən 10-cu yeri tutan Allahverdi Həmidov bu hüquqa yiyələnib.
18 şahmatçının qatıldığı qadınların mübarizəsində isə 8 xalla birinci olan Lalə Hüseynov və Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, ölkə çempionatı fevralın 6-22-si aralığında təşkil olunacaq.














