Bu gün İsveçrənin Sürix şəhərində Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qruplarını ikinci sırada bitirən 12 və Millətlər liqası xətti ilə 4 komanda – Türkiyə, Slovakiya, Kosovo, Danimarka, Ukrayna, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya ilə yanaşı UEFA Millətlər Liqasında qruplarını lider bitirən kollektivlərdən Şimali İrlandiya, İsveç, Rumıniya və Şimali Makedoniya mundiala son 4 vəsiqə uğrunda yarışacaqlar.
Püşkatmadan öncə səbətlər aşağıdakı kimi bölünüb:
I səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna
II səbət: Polşa, Uels, Çexiya, Slovakiya
III səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo
IV səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Yarımfinal və finallar bir oyundan ibarət olacaq. I və II səbətlərdə yer alan yığmalar ilk görüşləri öz meydanlarında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək. Pley-off mərhələsinin yarımfinalları gələn il martın 26-da, finalları isə bir həftə sonra baş tutacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempioantına hələki 42 milli komanda vəsiqə qazanıb. Bunlar meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya, Belçika, Kurasao, Panama və Haiti seçmələridir. 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda ilk dəfə 48 yığma yarışacaq.














