Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.
Yarışların ikinci günündə 6 azərbaycanlı idmançı tatami üzərinə çıxıb. 70 kq çəki dərəcəsində Südabə Ağayeva bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəkidə yarışan Aytac Qardaşxanlı, 90-da Elcan Hacıyev və 100 kq-dan artıq çəkidə Uşanqi Kokouri bürüncə sahib çıxıb.
100 kq-da son olimpiya çempionu Zelim Kotsoyev finala kimi uğurla irəliləyib. Ancaq o, həlledici görüşdə Misir təmsilçisi Ömər Əşrəf Cəmaləddinə uduzaraq gümüş medalla kifayətlənib.
Hazırda Azərbaycan cüdo millisinin aktivində 2-si qızıl, 2-si gümüş, 5-i bürünc olmaqla 9 mükafat var.














