Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri altı idman növündə qüvvəsini sınayacaqlar.

Cüdo yarışlarında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Ruslan Paşayev (66 kq) və Hidayət Heydərov (73 kq) mübarizəyə qoşulacaq.

Ağırlıqqaldırmada Nuray Əbilova (48 kq), Selcan Qarayeva (53 kq) çıxış edəcəklər.

Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina, Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə Alkərəmova və Yeqor Maynitski mükafatçılar sırasına düşməyə çalışacaqlar. Yığma, həmçinin 4×100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan boksçularından Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (80 kq) 1/4 görüşünə çıxacaqlar.

Futzal üzrə Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu ev sahibi Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycanın stolüstü tennis yığması da ev sahibi ölkənin kollektivi ilə üzləşəcək.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.