Sabah UEFA Çempionlar liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Qarabağ” doğma meydanda “Çelsi” ilə qarşılaşacaq. Görüşdən əvvəl keçirilən mətbuat konfransında London klubunun baş məşqçisi Entso Mareska onları çətin oyunun gözlədiyini vurğulayıb:

“Qarabağ”la oyun bizim üçün vacibdir. Bu mərhələdə ardıcıl üçüncü oyunumuzu qazana bilərik. Anlayırıq ki, bunu etmək asan olmayacaq. Bu görüşdə rotasiya da edəcəyik, çünki həftəsonu Premyer Liqada matçımız var. Qarşıda bizi çətin səfər gözləyir, amma tez uyğunlaşmalıyıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika”nı və “Kopenhagen”i məğlub edə biliblər. “Atletik”lə görüşdə hesabda önə keçmişdilər, lakin sonda uduzdular. Şübhəsiz ki, bizə qarşı da oynamaq onlar üçün çətin olacaq”.

Mareska, Qurban Qurbanovun uzun müdətdir “Qarabağ”ın sükanı arxasında olduğuna da toxunub:

“Beləsini hələ görməmişəm. Bu, inanılmazdır. 17 il eyni klubda – sadəcə inanılmazdır. Komanda kimi çox güclüdürlər. Öz meydanlarında çox intensiv oynayırlar”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ – “Çelsi” matçı noyabrın 5-i saat 21:45-də başlayacaq və “CBC Sport”la canlı yayímlanacaq.