UEFA Çempionlar liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” matçını idarə edəcək hakimlər briqadası açıqlanıb. Təmsilçimizin görüşündə ədalət qoruyucusu avstriyalı Sebastyan Qishamer olacaq. FIFA referisinə Roland Ridel və Santino Şreyner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şutenqryuber, AVAR-da Yozef Şpurni olacaq.

Maraqlıdır ki, Qishamer DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Ukrayna seçməsinə qarşı səfər matçını da idarə edib. Həmin qarşılaşma yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.