Serbiyada keçirilən 23 yaşadək güləşçilər arasında dünya birinciliyində ikinci yarış günü başa çatıb. Yunan-Roma növündə çıxış edən Ziya Babaşov 63 kq çəki dərəcəsində finalda moldovalı Vitali Yeryomenko ilə üz-üzə gəlib. 6:3 hesablı qələbə qazanan idmançımız çempion olub.
87 kq-da Laçın Vəliyev təsəlliverici döyüşlərdə özbəkistanlı Muradcan Alimcanov və italiyalı Leon Rivaltanı üstələyib. Lakin o, bürünc medal uğrunda Amerika Birləşmiş Ştatlarından Payton Yakobsona uduzaraq fəxri kürsüyə qalxa bilməyib.
Dünən daha 4 güləşçimiz mübarizəyə başlayıb. 55 kq-da Elmir Əliyev yarımfinala qədər inamla irəliləyib. Burada iranlı Armin Şamsipurhacı ilə qarşılaşıb. İdmançımız rəqibini məğlub edərək finala vəsiqə qazanıb.
67 kq-da Fəraim Mustafayev, 72-də Ruslan Nurullayev və 96-də Əli Quliyev yarımfinala yüksələ bilməyib. Yarışa oktyabrın 27-də yekun vurulacaq.














