Bu gün UEFA Çempionlar liqasının əsas mərhələsinin III turu davam edəcək. İkinci oyun günündə Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçını keçirəcək. Komandamız səfərdə “Atletik Bilbao” ilə üz-üzə gələcək. Aktivində 6 xal olan Ağdam klubu hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Buna kimi “Arsenal” və “Borussiya Dortmund”a uduzan Bask ölkəsi təmsilçisi isə 36 kollektiv arasında 35-cidir.
Bu, tərəflərin ilk qarşılaşması olacaq. “Atletik” indiyə qədər Azərbaycan klublarından yalnız “İnter” (hazırda “Şamaxı”) ilə görüşüb. 2015/2016-cı illər mövsümündə UEFA Avropa liqasının III təsnifat mərhələsinə təsadüf edən dueldə İspaniya təmsilçisi ümumi hesabla 2:0 qalib gələrək növbəti etapa adlayıb.
Qeyd edək ki, “San Mames” stadionunda keçiriləcək oyunu İqor Payaçın rəhbərlik etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək. Matç saat 20:45-də başlayacaq.

















