Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arası Avropa çempionatında 4-cü tur başa çatıb. Kişilərdən ibarət yığmamız Niderlandla üz-üzə gəlib. Şəhriyar Məmmədyarov Aniş Giri, Eltac Səfərli Yorden van Forest, Aydın Süleymanlı Maks Varmerdam, Məhəmməd Muradlı isə Ervin Lyami ilə qarşılaşıb. Bütün duellərdə qalib müəyyənləşmədiyindən görüş 2:2 hesabı ilə yekunlaşıb. Hazırda yığmamız 6 xalla 5-ci pillədə qərarlaşıb. 5-ci turda seçməmiz Yunanıstanla üzləşəcək.
Qadınlardan ibarət millimiz isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Ülviyyə Fətəliyeva Dinara Vaqner, Xanım Balacayeva Hanna Mari Klek, Gövhər Beydullayeva Lara Şultse ilə heç-heçə edib. Gülnar Məmmədova isə Katerina Doljnikovaya uduzub. Nəticədə yığmamız 1 xal yarım 2 xal yarım hesabı ilə məğlub olub.
Hazırda komandamız 5 xalla 7-ci pillədə qərarlaşıb. Bu gün keçiriləcək növbəti turda rəqib Yunanıstan olacaq.














