Sabah Azərbaycan milli komandası Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa seçməsi ilə üzləşəcək. Yığmanın baş məşqçisi Ayxan Abbasov görüşdən əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Çalışdırı Fransaya qarşı oynamağın böyük motivasiya olduğunu bildirib:
“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu kollektivdə ulduz futbolçular çıxış edir. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizə aparması önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Amma oyunçularım mübarizədən çəkinməyəcəklər, bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandaya qarşı oynamaq özü motivasiyadır.”
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan görüşü oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyun “CBC Sport”la canlı yayımlanacaq.















