Gəncə şəhər stadionunda Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Pakistan və Omanı 4 idmançı təmsil edib.

III MDB Oyunlarında medal sıralamasında birinci yeri 231 medalla Rusiya tutub. Azərbaycan komandası 184 mükafatla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə 122 medalla Belarus mövqe tutub. Qeyd edək ki, MDB Oyunları 2021-ci ildən keçirilir.