Milli Hokkey Liqasının müntəzəm çempionatında 109-cu mövsüm okyabrın 8-i, Bakı vaxtı ilə gecə saat 1-də “Florida” – “Çikaqo” görüşü ilə start götürəcək. Bu, 82 oyundan ibarət qrafik üzrə keçirilən sonuncu mövsüm olacaq. Belə ki, növbəti ildən etibarən görüş sayı artacaq və 84 matçlıq qrafikə keçiləcək.
NHL-də mövsümlərarası fasilə 2026-cı ilin fevral ayında, İtaliyanın Milan və Kortina de-Ampettso şəhərlərində keçiriləcək qış olimpiya oyunları ilə bağlı olacaq. Turnirin pley-off mərhələsi aprelin 16-da başlayacaq. Stenli kubokunun sahibi isə iyunda müəyyənləşəcək. Bununla yanaşı gələn ilin əvvəli üçün planlaşdırılan ənənəvi ulduzlar matçı baş tutmayacaq. “All starts” oyununun əvəzinə Nyu-York ştatının Elmont şəhərindəki “UBS Arena”da olimpiadaya həsr olunan və hələki açıqlanmayan başqa bir tədbir keçiriləcək.

Yayda komandalardan ən önəmli rebrendinqi “Yuta” klubu həyata keçirdi. “Arizona”nın Solt Leyk Siti şəhərinə köçməsi ilə 2024-cü ildə yaradılan kollektiv ötən mövsüm hokkey komandalarına xas olmayan şəkildə adsız çıxış edirdi. Yeni təqvim ilindən etibarən isə onlar “Yuta Mamonts” adı ilə mübarizə apracaqlar.
Bəs mövsümün iddialı komandaları hansılardır? Əlbəttə bu siyahının başında son iki ilin qalibi “Florida” gəlir. Kanadalı mütəxəssis Pol Morisin rəhbərliyi altında “qızıl dövr”ünü yaşayan Sanrayz təmsilçisi bu uğurları davam etdirmək niyyətindədir. İrəli xətdə Sem Raynhart, Sem Bennet, Anton Lundell, Aleksandr Barkov, Karter Verheqe, Bred Marşan, Metyu Tkaçuk, Eetu Luostarinen, müdafiədə Aaron Ekbland, Qustav Forslinq və qapıda Serqey Bobrovski kimi hokkeyçilərə malik “panterlər” yenə liqanın ən güclü kollektivlərindən hesab edilir.

Son iki mövsümdə məhz “Florida”ya uduzaraq Stenli kubokunu əldən verən “Edmonton”u da yaddan çıxartmaq olmaz. Leon Draysaytl və Konor Makdevid kimi forvardlara malik “neftçilər” 36 illik həsrətə son qoymağa çalışacaq. Bununla yanaşı Kanadanı təmsil edən digər kollektivlərdən – “Vinnipeq”, “Vankuver”, “Kalqari”nin də çıxışı maraqla gözlənilir.
Keçən təqvim ilində mübarizəni yarımfinalda dayandıran “Dallas” və “Karolina”dan, 121 qolla 2024/2025 müntəzəm çempionatının bombardiri olan Nikita Kuçerovlu “Tampa Bey”dən, 2023-cü ildə finalda “Forida”nı məğlub edərək kuboka sahib çıxan “Veqas”dan da gözləntilər az deyil.

Həmçinin ötən mövsüm gözlənilməz şəkildə pley/off-dan kənar qalan “Nyu-York Reyncers” azarkeşlərinə bu uğursuz səhifəni unutdurmağı hədəfləyir. Daha yaxşı nəticələrə nail olmaq məqsədi ilə yayda komandanın sükanı rəcrübəli çalışdırıcı Mayk Salivana həvalə edilib. 10 il “Pittsburq”a rəhbərlik edən və “pinqivinlər”lə iki dəfə Stenli kubokunu qazanan Salivan oyunçu kimi də “Reyncers”in şərəfini qoruyub.
Bir sözlə hokkey sevərlər NHL-in yeni mövsümündə də bir-birindən maraqlı görüşlərin, oyunçulardan əla performansın və çempionluq uğrunda nəfəsləri buz kimi kəsən gərgin mübarizənin şahidi olacaq.














